Friday, October 17, 2014

Demokratik təhsil uğrunda! (Mətn forması)


Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi

İsmayıllı  rayonu Təhsil  Şöbəsi


Rəmzi  Novruzov  adına  Basqal  qəsəbə  tam  orta  məktəbinin  ingilis  dili  müəllimi

Məlikzadə  Kamran  Salman  oğlunun



ELEKTRON  TƏHSİL  MÜSABİQƏSİ  ÜZRƏ
PEDAQOJİ  TƏDQİQAT  İŞİ



Mövzu: “Xarici  dil  dərslərində  təhsilin  demokratikləşdirilməsi  məsələləri”


GİRİŞ

Mövzunun  aktuallığının  əsaslandırılması: Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  təhsil  sistemində  də  əsaslı  islahatlar  həyata  keçirilmişdi.  Azərbaycan  təhsil  sistemi  aşağıdan  yuxarıya  qədər  demokratik  prinsiplər  əsasında  idarə  olunmağa  başlanılmışdır. Eyni  zamanda, təhsil  siyasətimizin  başlıca  dövlət  prinsipləri  müəyyənləşdirildi  ki, bu  prinsiplər  əsasında  Azərbaycan  təhsil  sisteminin  gələcək  inkişafının  təmin  olunması  istiqamətində  zəmin  formalaşsın  və  ən əsası, təhsil  demokratik  prinsiplər  əsasında  qurulsun.
Dahi Öndərimiz  Heydər  Əliyev  demişdir  ki, təhsil  sistemində  islahatların  əsas  məqsədi  ondan  ibarətdir  ki, Azərbaycan  təhsil  sistemi  dünya  təhsil  sisteminin  standartlarına  uyğunlaşdırılsın.  Buna  görə  də, on illərlə  əldə  etdiyimiz  təhsil  prinsipləri  gözlənilməli  və  inkişaf  etdirilməlidir. Əgər  biz  bu  yolla  gedəriksə, qısa  bir  zamanda Azərbaycan  təhsil  sistemini  dünya  standartlarına  çatdıra  bilərik.[1]
Məhz  bu  demokratik prinsiplər  aşağıdakı  cədvəldə  göstərilən  istiqamətlərdə  həyata  keçirilir:


Azərbaycan  təhsil  sisteminin  demokratik  prinsiplərin istiqamətləri
1. Dövlət  təlim-tərbiyə  müəssislərində  şagird  və ya  tələbə  özünüidarələri  yaradılır.
2. Onlar  özlərinə  aid  olan  məsələləri  müzakirə  edirlər.
3. Təlim-tərbiyə  müəssisələrində  təhsil  işlərinin  idarə  olunmasında  ictimai  qurumlar  iştirak  edir.
4. Rayon, şəhər  və ölkə  miqyasında  təhsil  orqanları  yanında  təhsillə  əlaqəsi  olan  tərəflərin  nümayəndələri  müvafiq  qurumların  tərkibinə  daxil  edilir və s.
 
        Azərbaycan Respublikasının  təhsil  sistemində  dövlət  siyasətinin  başlıca  prinsiplərindən  biri  kimi  demokratikləşmə  zaman  dəyişdikcə  yeni  aktuallıq  kəsb  edir. Bu  prinsip:

  • Məktəbi, təhsilin  forma  və  metodlarını, fənləri  və  onların  öyrədilməsi  müddətlərini  seçməkdə  uşaqlara  və  valideynlərə  sərbəstlik  verir;
  • Uşaqların  arzu  və  qabiliyyətlərinə  uyğun  olaraq  təhsilin  təmayüllü  və  variantlı  təşkilinə  şərait  yaradır;
  • İdarəetmənin  formal  strukturlarını, inzibati-amirlik  metodlarını  rədd  edir;
  • Məktəbə  sosial  təsisat  statusu  verir  və  s.
        Müasir  təhsil  təcrübəsi  sübut  edir  ki, demokratiyanın  potensialından  təhsil  sistemində də  istifadə  etmək  lazımdır.
        Təhsilin  problemlərini  həll  etmək  üçün  bir  tərəfdən  təhsil  kollektivini, digər  tərəfdən  isə  valideynləri  bu  prosesə  cəlb  etmək  lazımdır. Bunun  üçün  orta  təhsil  müəssisələri  rəhbərlərinin  və  ali  məktəb  rəhbərlərinin  təyinatında  demokratik  prinsiplərdən  istifadə  edilməlidir  və s.
       Tədqiqatın  məqsədi: Mövzunun  aktuallığı  və  əhəmiyyəti  nəzərə  alınmaqla  tədqiqatın  məqsədi  müəyyən  edilir.  Tədqiqatın  əsas  məqsədi  mövcud  mənbələr  və  məlumat  bazası  əsasında  xarici  dillərin  tədrisində  təhsilin  demokratikləşdirilməsi  məsələlərini  araşdırmaq, demokratikləşdirmənin  ümumilikdə  Azərbaycan  təhsil  sistemində  əsas  istiqamətlərini, formalarını  və  nəticələrini  öyrənməkdir.
       Tədqiqatın  vəzifələri: Tədqiqatın  məqsədinə  uyğun  olaraq  aşağıdakı  vəzifələri  göstərə  bilərik:

  • Xarici  dil  dərslərinin  təşkilində  demokratik  prinsiplərin  tədqiq  edilməsi;
  • Demokratikləşməni  nəzərdən  keçirmək, onun  mahiyyətini , xüsusiyyətlərini  və  formalarını  araşdırmaq;
  • Demokratikləşmənin  beynəlxalq  təhsil  əhəmiyyətli  xarakter  daşımasını  göstərmək, Azərbaycan  təhsil  sistemində  yerini  tədqiq  etmək;
  • Problemin  qoyuluşu  və  mahiyyətini  araşdırmaq;
  • Problemin  ədəbiyyatda  qoyuluşunu  öyrənmək;
  • Problemin  məktəb  təcrübəsində  qoyuluşunun  nəzəri  və  praktik  əsaslarının  öyrənilməsi;
  • Təlim  prosesində  və  təlimdənkənar  məşğələlərdə  təhsilin  demokratikləşdirilməsinin  reallaşdırılması  və  s.
Tədqiqatın  obyekti: Tədqiqatın  obyektinin  əsasını  demokratik  təhsil, təhsilin  demokratikləşdirilməsi  anlayışı  və  onun  formalaşması  tarixi  və  xarici  dil  dərslərində  olan  xarakteristikasıdır.
Tədqiqatın  predmeti: Tədqiqatın  predmeti  təhsilin  demokratikləşdirilməsi  və  bu  istiqamətdə  həyata  keçirilən  üsul  və  vasitələrdir.
Tədqiqatın  metodologiyası: Yuxarıda  qeyd  etdiyimiz  vəzifələrin  yerinə  yetirilməsində  bir  sıra  nəzəri  metodlardan  istifadə  edilmişdir. Tədqiqat  prosesində  ümumməntiqi  metodlardan – analiz, sintez, induksiya, deduksiya, ümumiləşdirmə  və  s.-dən  istifadə  etməklə  yanaşı  müqayisəli  və  sistemli  təhlil  üsullarına  da  istinad  olunmuşdur.
Tədqiqatın  praktik  əhəmiyyəti: Tədqiqat  işi  aşağıdakı  məsələlərin  həllində  yardımçı  ola  bilər:

  1.  Azərbaycan Respublikası  Təhsil  Nazirliyinin  və  digər  hökümət  və  yaxud  özəl  strukturların  əməli  fəaliyyətində;
  2. Müvafiq  profil  üzrə  mütəxəssislər  hazırlayan  ali  məktəblərin  müəllim  və  tələbələri  üçün  mühazirə-məşğələ  və  kursların  keçirilməsində  və  s.
      Tədqiqatın  strukturu: Qoyulmuş  məqsəd  və  vəzifələrə  əsasən  tədqiqat  işinin  strukturu  giriş, iki fəsil (I fəsildə üç  paraqraf, II  fəsildə  iki  paraqraf  olmaqla), nəticə, istifadə  olunmuş  ədəbiyyatın  siyahısı  və  mənbələrdən  ibarətdir.  Nəticə  hissəsində  tədqiqat  zamanı  əldə  edilən  elmi-nəzəri  ümumiləşdirmələr  və  təkliflər  öz  əksini  tapmışdır.




TƏLİM PROSESİNDƏ TƏHSİLİN DEMOKRATİKLƏŞDİRİLMƏSİNİN
ELMİ-PEDOQOJİ ƏSASLARI
1.1 Problemin qoyuluşu və mahiyyəti.
Problemin qoyuluşuna nəzər salmazdan əvvəl təhsilin demokratikləşdirilməsi sözündəki        2 komponentə diqqət yetirək - “təhsil”  və “demokratiya”.
Müasir dövrdə təhsilə verilən təriflərin nəzərə çarpan nöqsanlarından biri hələ də təhsil və təlim anlayışlarının eyniləşdirilməsi, bəzənsə onların heç də bir- birlərindən fərqlənmədikləri barədə mülahizələrin formalaşmasıdır. Misal üçün qeyd edək ki, 1964-cü ildə çap edilmiş “Pedaqogika” kitabında belə bir tərif verilir: "Təhsil uşaqların bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmin üzərində onlarda dünyagörüşünün yaranmasıdır".
Məlumdur ki, didaktika təhsilin məqsədi, məzmunu, vəzifələri, vasitələri, qanun və prinsipləri, təşkil formaları, metodları  haqqında elmdir. Təhsil anlayışı 2 mənada - geniş və dar mənalarda işlədilir. Geniş mənada təhsil-insanların ümumiyyətlə bilik, bacarıq və vərdişlərə yiyələnməsidir. Dar mənada isə təhsil təlim prosesinin nəticəsi kimi,bu prosesdə qazanılmış bilik,bacarıq və vərdişlər sistemi kimi başa düşülür[2].
Təhsilin məzmunu isə onun qarşısında duran məqsədə çatmaqdan ötrü vasitə yerində çıxış edir. Bəzi alimlər onun məzmununun məqsəd zəminində müəyyən edilməsi fikrini birtərəfli hesab edir və göstərirlər ki, bu, zəruri şərt olsa da, kafi şərt deyil. Ona görə ki, təhsilin məzmunu təkcə məqsədlə deyil, həm də elmin inkişafı, şagirdlərin xüsusiyyətləri kimi digər şərtlərlə müəyyən olunur[3].
Eyniləşdirmə probleminə xarici pedaqoji nəşrlərdə də rast gəlmək mümkündür. Təhsil anlayışının nəinki təlim hətta, tərbiyə məsələsi ilə də eyniləşdirilməsi halları mövcuddur. Belə ki, V.S.Ladnevin fikri buna bariz bir misal ola bilər, o, qeyd edir ki, ontogeniz cəhətdən şəxsiyyətin biososioloji formalaşması prosesi kimi sosial mahiyyətli təcrübənin əvvəlki nəsil tərəfindən sonrakı nəsillərə mütəşəkkil və normalaşdırılmış şəkildə verilməsi prosesi təhsildir.
Milli pedaqoji nəşrlərdə də müxtəlif təriflərə rast gəlmək mümkündür. Misal üçün, Ş.Əsgərovun qənaətincə, “təhsil insanın” dövlətin, cəmiyyətin mənafeyinə xidmət edən, dövlət tərəfindən müəyyən edilmiş təhsil səviyyəsini əks etdirən bilik, bacarıq və vərdişlərin fərdlərə öyrədilməsilə başa çatan fasiləsiz, məqsədyönlü tədris və təlim prosesidir” .
Son dövrlərdə milli pedaqogikamızın təhsil anlayışına verdiyi tərif daha dəqiq və mükəmməldir. Qeyd edilir ki, “təhsil-xalq təsərüffatının tərkib hissəsi kimi, müvafiq tədris müəssisəsində müəyyən müddətdə məqsədyönlü, planlı və mütəşəkkil öyrənilən, tərbiyə və inkişaf imkanlarına malik olan, təlimin həm zəruri şərti, həm də nəticəsi olan sistemləşdirilmiş biliklərin, bacarıqların və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmusudur”[4].
Digər bir komponent isə“demokratiya” sözüdür. Gəlin bu anlayışa da diqqətlə nəzər salaq. Demokratiya termini "xalq hakimiyyəti" anlamında olub, yunanca demos - "xalq" və kratos - "hakimiyyət" sözlərindən yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır və vətəndaşların insan haqlarını, hüquq bərabərliyini təmin edir. Azərbaycanda və ümumiyyətlə Şərqdə ilk demokratik dövlət 1918-1920-ci illər aralığında mövcud olan Azərbaycan Cümhuriyyəti hesab olunur[5].

  •  Demokratiyanın əsas prinsipləri kimi;
  •  Xalqın suverenliyini;
  •  Əsas insan hüquqlarına təminatı;
  •  Azlığın hüquqlarının müdafiəsini;
  •  Qanunun aliliyini;
  •  Qanun qarşısında bərabərliyi və s. göstərmək olar.
Bütün bu və digər prinsiplər demokratik cəmiyyətdə formalaşır.Fərdiyyətçi bir sistem kimi hər bir fərdin şansı onu öz bacarığından və digər toplum üzvlərinin fəaliyyətindən asılıdır.
Təhsilin demokratikləşdirilməsi isə bu iki komponentin cəmindən doğan bir anlayış olub özündə geniş bir məna daşıyır. Azərbaycan Respublikasının Təhsil Qanununda da göstərildiyi kimi təhsilin demokratikləşdirilməsi təhsil sahəsində dövlət siyasətinin başlıca prinsiplərindən biridir. Bu prinsip:

  •       məktəbi, təhsilin forma və metodlarını, fənləri və öyrədilməsi müddətlərini seçməkdə uşaqlara və valideynlərə sərbəstlik verir;
  •       uşaqların arzu və qabiliyyətlərinə müvafiq olaraq təhsilin təmayüllü və variantlı təşkilinə imkan yaradır;
  •      idarəetmənin formal metodlarını rədd edir;
  •      məktəbə sosial təsisat adı verir;
  •      təhsilin idarəedilməsinin ictimai xarakter daşımasını tələb edir və s.
İstər milli, istərsə də beynəlxalq təhsil təcrübəsində,aparıcı dövlətlərin ictimai və pedaqoji dairələrində təhsilin demokratikləşdirilməsi məsələsi diqqət mərkəzindədir. Bu problemə iki müxtəlif baxış mövcuddur. Biri eqilitarizm (yəni, ümumi  bərabərlik) - ümumi təhsilin eyniliyi ideyasına əsaslanır. Digəri isə, şagirdlərin fərdi xüsusiyyətlərini, meyl və maraqlarını nəzərə almaqla təhsil prosesinin diversifıkasmı (diferensiasiyasım)nəzərdə tutur. Sonuncu baxışın tərəfdarları belə hesab edirlər ki,məktəbdə təhsilin daha maraqlı qurulması üçün təhsil alanların təhsilə olan ehtiyacları öyrənilməlidir. Bu, təbii ki, həm də cəmiyyətin ehtiyacı deməkdir. Belə bir tələbatın öyrənilməsi nəticasində əldə edilən məlumatlar təhlil edilir,düzgün layihələşdirmənin aparılması üçün təhsil monitorinqi həyata keçirilir. Bunun əsas mərhələləri aşağıdakılardan ibarətdir:
1. Təhsilin diaqnostikası; 2. Proqnozlaşdırma; 3. Korreksiya
Ən nəhayət, bütövlükdə təhsilin məzmunu və təşkili həmin tələblər əsasında qurulur. Buna tələbyönümlülük deyilir. Bu yanaşma isə azərbaycan təhsili üçün yenidir. Təklifyönümlü təhsil modelidən imtina etməklə tələbyönümlü təhsil modelinə keçid şagirdlərin təkcə təlimə deyil, həm də təlimə motivasiyası ilə şərtlənir. Demokratikləşmə həm də məktəbin idarəedilməsi prosesində də özünü göstərir. Məlumdur ki, müasir dövrədək məktəblərdə müxtəlif idarəetmə üslubları mövcud olub. Bunlara avtoritar, liberal və demokratik üslubları göstərmək olar.

Məktəbin idarə olunmasında ən optimal və müvafiq üslub olaraq demokratik üslub kollegiallıqla təkbaşçılığın düzgün əlaqələndirilməsinə, qovuşmasına əsaslanır; ictimai təşkilatların, bütün kollektivin idarəedilməsi işlərində fəal iştirakını nəzərdə tutur və s.
Müasir məktəbin yenidən qurulması sahəsində müvəffəqiyyət qazanıb əla nəticələr gözləyiriksə, demokratikləşmənin bir zərurət olduğunu bilməliyik, çünki insanın intellektual səviyyəsi, müstəqilliyə can atması, yaradıcı fəaliyyətə meyli bunu tələb edir.

Təhsilin demokratikləşdirilməsi bütövlükdə cəmiyyətin demokratikləşdirilməsinə əsaslanır və üç istiqamətdə öz həllini tapır:

  • . Təhsilin idarə edilməsində-təhsilin, təlim-tərbiyə prosesinin təşkili və həyata keçirilməsinə nəzarət və rəhbərlikdə;
  •   Təlim prosesinin təşkili və reallaşdırılmasında (tədris planlarında, proqram və dərsliklərdə, müəllim-şagird (tələbə) münasibətlərində, müəllimin ünsiy­yəti və davranışında, takt və hökmlərində, qabiliyyətlərin      nəzərə alınmasında və düzgün qiymətləndirilməsində, təlim prinsipləri və metodlarının məqsədyönlü seçilməsində, ayrı-ayrı fənlərin imkanlarının səmərəli istifadə edilməsində və s.);
  •      Tərbiyə prosesinin təşkili və tərbiyəvi tədbirlərin həyata keçirilməsində.
Həmin 3 istiqamət eyni zamanda bir-birilə tamamlama vəhdətində nəzərdə tutulur.
Hazırda bütün dünyada təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi ideyası yeni aktuallıq kəsb etməkdədir. Onlar qarşılıqlı ünsiyyətin davranış mədəniyyətinin, qanunlara hörmətin, cəsarət və tələbin, özünü və başqalarını dərkin, mənəvi rahatlığın, cəmiyyətdə, fəaliyyətdə öz yerini daha düzgün tapa bilməyin məqsədyönlüyünü artırır, şəxsiyyətin tamlıq keyfiyyətlərini formalaşdırır. Humanistləşdirmə ilə əlaqədar olaraq problemin tədqiqi və təhlilində demokratikləşdirmə prinsipinin nəzərə alınması qabarıq surətdə özünü göstərir. Belə ki, demokratik mövqe, iş üslubu olmadan humanistləşdirməni reallaşdırmaq mümkün deyildir. Tarixi faktlar da bu yönümün doğruluğunu təsdiq edir. Belə ki, demokratik baxışlar, ideyalar ilkinlik təşkil etmiş, humanistləşdirməni doğurmuşdur. Bütün bunların doğulma mayasını cəmiyyətdəki sinfi, silki ziddiyyətlər, fərqlər, süni qadağalar, Allahın eyni nəzərlə baxdığı insana insanların müxtəlif nəzərlərlə baxması və digər sosial ədalətsizliklər təşkil etmişdir. Cəmiyyəti bütövlükdə gözəlləşdirmək, təbiətin və cəmiyyətin ahəngdarlığını qorumaq, insanı ali, şüurlu, yaradıcı, xeyirxah varlıq səviyyəsində görmək istəyən qüdrətli bilici insanlar bu işin özülünü demokratik, humanist prinsipli təlim və tərbiyəni özündə cəmləşdirən təhsildə görmüşlər.
Bütün səviyyələrdə, istər ictimai-siyasi, istərsə də təhsildə demokratikləşmə aşağıdakılara əsaslanır:

  • Demokratik dəyərlərin qəbul edilməsi və onlara hörmətə (azadlıq, məsuliyyət hissi, bərabərlik və həmrəylik, özünə və başqalarına hörmət və s.);
  • Həm qərar qəbul etmədə, həm də aktiv iştirakda demokratik prinsip və prosedurların müşahidə edilməsi və inkişafına.
Qısaca, təhsildə demokratiya 2 əsas prinsipə hörmət edilməsinə əsaslanır:

  • Bərabərlik prinsipinə (bərabər hüquqların qəbul olunması, şəxsi ləyaqət və hörmət);
  • İştirak prinsipinə (fıkirlərini ifadə etmək, seçim, təhsildə fəal və məsuliyyətli iştirak azadlığı[6]).




1.2  Problemin ədəbiyyatda qoyuluşu

Mövzunun böyük aktuallıq kəsb etdiyi müasir dövrdə təhsilin demokratikləşdirilməsi məsələsinə müxtəlif baxışlar formalaşır. Təhsildə demokratiyanın imkanlarından istifadə etmənin səmərəliliyi və ya qeyri-səmərəliliyi, onun müsbət, yoxsa mənfi nəticələrə gətirib çıxartması və s. ətrafındakı məsələlər daima araşdırılır, tədqiq və təhlil olunur.
Hələ Azərbaycan Demokratik Cümhuriyyəti dövründə M.Ə.Rəsulzadə bu məsələyə ciddi yanaşırdı. Belə ki, onun məktəb, mədəniyyət, təhsil haqqında fikirləri tədricən formalaşırdı  və həmin məsələlər onun əməli fəaliyyətində və əsərlərində geniş əksini tapmışdır. O, bu ideyanı irəli sürərkən ilk öncə məktəbin, mədəniyyətin yaradıcısı olan xalqdan söz açır, doğma xalqının varlığını tarixi inamlarla sübuta yetirirdi.
Onun təhsilin demokratikləşdirilməsi ideyasının əsasını, xalqın ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən öyrənmək və bu biliklərdən dünya mədəniyyətinə körpü salmaq təşkil edir.
O, bu məsələdə mətbuatın, xüsusən qəzetlərin roluna böyük əhəmiyyət verir və onlatın xidmətini xüsusi qeyd edirdi. Onun fikrincə, türk mətbuatı məktəb, maarif, təhsil məsələlərinə geniş yer verərək xalqın milli hisslərini oyadır, xalqı maarifə, təhsilə yiyələnməyə çağırırdı[7].
Mövzunun ədəbiyyatda məktəbin idarə olunmasında demokratikləşmə məsələləri ilə bağlı nəzərdən keçirdikdə məlum olur ki, heç də milli pedaqogikamızda məsələ qənaətbəxş şəkildə tədqiq olunmamışdır. Belə ki, məsələyə müxtəlif baxışların formalaşması tədqiqat obyektinin bir istiqamətdə araşdırılmasına mənfi təsirini göstərir. Məsələn, bir qrup pedaqoqlar (məs.Ə.Həşimov, F.Sadıqov və s.) bu məsələnin xalq pedaqogikasının zəngin və həmişəcavan ideyaları ilə, həmişəyaşar təcrübə və kodeksləri ilə lazımi şəkildə silahlanaraq əməli fəaliyyətlərində həyata keçirilməsi, uşaqlarda ona sönməz marağın doğurulması istiqamətində formalaşdırılmasmın tərəfdarları olub belə hesab edirlər ki, belə olan halda nəcib insanlar yetişər, cəmiyyət haramzadələrdən azad olar. Onlar inanırlar ki, indiki dövrdə təhsili, təlim-tərbiyəni demokratikləşdirməyin, humanistləşdirməyin və ən əsası xəlqiləşdirməyin ən mühüm yollarından biri onu əsrlərin sınağından çıxmış xalq təcrübəsi zəminində qurmaqdır. Xalq tərbiyəsinin mütərəqqi ənənələrini canlandırmaq, bərpa etmək və cəmiyyətin xidmətinə vermək dövrün tələbidir.
Elmi qüvvələrin birgə səyi ilə zəhmətkeş xalq kütlələrinin təlim, təhsil və tərbiyə sahəsindəki mütərəqqi, humanist və demokratik təcrübəsi, fikir və ideyaları ətraflı şəkildə toplanmalı, öyrənməli və onun müasir ailə və məktəb təcrübəsinə tətbiq olunmasının səmərəli yolları müəyyənləşdirilməlidir. Bu işlə məşğul olarkən,

  •       Xalqın qabaqcıl və demokratik ideallarına uyğun hərəkət etmək, ümumbəşəri dəyərlərə üstünlük vermək;
  •      Təlim,tərbiyə və təhsil məsələlərində milli və ümumbəşəri mənafeləri ahəngdar əlaqədə götütmək;
  •          Fasiləsiz təhsil və tərbiyə sistemində xalq pedaqogikası ilə akademik pedaqogikanın varisliyini, həmçinin gələcəyin pedaqogikasını yaratmaq işində ənənə ilə yeniliyin dialektik vəhdətini təmin etmək;
  •      Mütərəqqi milli pedaqoji ənənələri hasaba olmaqla gənc nəsli həyata və əməyə hazırlamaq kimi prinsiplər əsas götürülməlidir.
Digər qrup pedaqoqlar (Ş. Əsgərov və s.) isə məsələyə əsasən təhsilin idarəedilməsi və təhsildə azad seçimlərin təmini prizmasından yanaşırlar.Belə ki, müəllimlərin seçildiyi halda orta məktəb direktorunun və ali məktəb rektorunun təyin olunması özü-özlüyündə demokratik prinsipləri pozur və əksər hallarda, məktəb və universitetlərdə xoşagəlməyən, neqativ halların yaranmasına gətirib çıxarır. Çünki, onlar seçilmədiklərinə görə daha çox onu vəzifəyə təyin edən şəxsin qarşısında məsuliyyət daşıyır və ondan asılı vəziyyətə düşür. Müəllimlərin isə fikir və ideyalarına bir çox hallarda əhəmiyyət vermirlər. Bu kimi neqativ hallar məktəbdə anti-demokratik atmosferin formalaşmasını qaçılmaz edir.

  • Təhsilin idarəedilməsində demokratikləşmə bütövlükdə cəmiyyətin demokratikləşdirilməsinə əsaslanır və aşağıdakıları tələb edir.
  • Yuxarı idarəetmə orqanlarının funksiyası aşağıdakılara verilsin;
  • Müəllim,şagird və valideynləri təmsil edən demokratik orqanların hərtərəfli gücləndirilməsi hesabına məktəb özünüidarə sisteminə keçsin;
  • Məktəbin iqtisadi, maliyyə müstəqilliyi və qismən özünümaliyyələşdirilməsinə imkan verilsin;
  • Anti-demokratik hallar aradan qaldırılsın və s.

Bütün bu və digər amilləri nəzərə alan F.B. Sadıqov göstərir ki, ölkədə həyata keçirilməkdə olan təhsil islahatları hər şeydən əvvəl pedaqogikanın bütün sahələrinin dünya standartları səviyyəsində qurulmasını tələb edir. İstər təhsil islahatı proqramında, istər təhsil konsepsiyası ilə bağlı materiallarda, istərsə də yeni təhsil qanunu məktəb və pedoqoji fikir tarixinə, müasir Azərbaycan pedoqoji fikrinə və ən ümdəsi çağdaş dünyamızda baş verən yeniliklərə istinad etməklə yetişən nəslin dünyagörüşünün formalaşdırılması vacib şərtlərdən hesab olunur.
Göstərilən sənədlərdə təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması və demokratikləşdirilməsi ən zəruri amil kimi tövsiyə olunur. Bunun üçün isə ölkəmizdə baş verən təhsil prosesini çağdaş dünyamızdakı təhsil prosesi ilə müqayisə etmədən uğur qazanmaq mümkün olmadığını göstərən müəllif göstərir ki, beynəlxalq müqayisələrin aparılmasına ehtiyac var və onların nəticələrindən doğan yeniliklərin öz təhsilimizə də tətbiqi məqsədəuyğun və perspektivli olar1.
Eyni zamanda, F.B.Sadıqov isbat etməyə çalışır ki, bu problem xarici dil müəllimlərinin praktik hazırlığında da özünü göstərən qüsurlarla da bağlıdır. Bu mənada, müasir dövrdə xarici dil müəllim hazırlığının praktik məzmunun ictimai əsaslarla yaxşılaşdırılmasına daha çox ehtiyac duyulur. Mövcud nöqsanlar orta ümumtəhsil məktəblərindən irəli gəlir.

  • məktəblərdə əksər hallarda qrupların bölünməsi təcrübəçi tələbələrin hazırlanması işini çətinləşdirir;
  • audio vasitələrdən ya az istifadə olunur, ya da heç istifadə olunmur;
  • vizual vasitələrin tətbiqində çətinlik çəkən məktəblərdə təcrübəçi tələbələrin hazırlanması üçün lazımi şərait yaradılmır[8].
Demoratik prinsiplərin geniş tətbiq edildiyi bir dövrdə problemin tarixinə nəzər salmaq maraqlı olardı. Belə ki, dünya təhsili tarixində ilk təhsili demokratikləşdirilmiş ən qədim məktəb İngiltərədəki Summerhill məktəbidir. Məktəbin əsası 1921-ci ildə A.S.Nell tərəfindən qoyulmuşdur və həmin məktəb hal-hazırda da fəaliyyət göstərir. Özəl məktəb olub ictimai fondlara malik bir təhsil kompleksidir. Məktəbin əsas istiqaməti demokratik prinsiplər və şagird və müəllimlərin tam və bərabər iştirakıdır.
Bu kimi məktəblərə ABŞ-dakı tanınmış Subdury Valley, The Circle, Albany Free və s. məktəbləri göstərmək olar. Son dövrlərədək dünyada ən azı 100-dək belə məktəblər formalaşıb fəaliyyət göstərmişlər. ABŞ-da, Böyük Britaniyada, Avstraliyada, Kanadada, İsraildə, Rusiyada və s. inkişaf etmiş ölkələrdə bu kimi məktəblər mövcuddur[9].

1.3  Problemin məktəb təcrübəsində qoyuluşu

Müasir və qloballaşan dövrdə təhsilin demokratikləşdirilməsi, demək olar ki, Azərbaycanın bütün orta və ali təhsil ocaqlarında mövcud olub sistem təşkil edir. l999-cu il, 15 iyun tarixli, “Təhsil haqqında Azərbaycan Respublikası qanunu” təhsilin demokratikləşdirilməsi prinsipini də özündə ehtiva edərək, ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsinə yönəlir və onu dünya standartları səviyyəsinə çatdırılması məramını qarşısına qoyur.Bu mənada,qeyd etməliyik ki,problemin məktəb təcrübəsində qoyuluşunun tədqiqi diqqəti cəlb edən məsələlərdəndir.
Həmin qanuna əsaslanan “Təhsil sahəsində İslahat Proqramının” əsas prinsip və tələbləri baxımından təhsil alanın (şagirdlərin,tələbələrin) prosesin subyektinə çevrilməsi və prosesdə iştirak edən bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirir.
Kurikulum siniflərində İKT-nin verdiyi imkanlardan istifadə etməklə təhsilin demokratikləşdirilməsi ilə bağlı təcrübə və dərslərdə tətbiq edilən üsul və metodlar müasirliyi və mütərəqqiliyi ilə səciyyələnir:
“Milli ideologiyası, milli metodologiyası indi-indi formalaşmış, qanunlarla möhkəmləndirilməmiş bir cəmiyyətdə fənlərin məzmununun hansı prinsiplər əsasında seçildiyi tam aydınlığı ilə məlum olmadığından bəzən müəllim səthi fılosofluqdan uzağa gedə bilmir. Xüsusilə də, demokratik cəmiyyət, demokratik qanunlar anlamını açmaq və şərh etməkdə paradoksal məqamların əsasında dərin ümumiləşdirmələr aparmaq çox da asan olmur”[10].
Uzunillik müəllim təcrübəsindən hasil edilən qənaətə görə, bu gün gənclərə verilən sərbəstlik, öz fikrini azad şəkildə ifadə etmək imkanları sadəcə tarixin yaratdığı qiymətli bir şansdır və bundan bəhrələnmək lazımdır. Gənclərin hüquq və azadlıqlarını qoruyan və təbliğ edən materialların məzmununun öyrənilməsi də buna geniş imkanlar açır. Dünyada insan haqlarının aparıcı prinsiplərdən birinə çevrilməsi ilə yeni-yeni mütərəqqi ideyalar qırmızı xətlə keçir. Gəncləri azadfıkirliliyə,sərbəstliyə alışdırmağın fəlsəfəsi milli şüurun məna və məzmununun dərk edilməsindən başlayır.
Bu istiqamətdə isə İsmayıllı məktəblərində, həmçinin çalışdığım Basqal qəsəbə tam orta məktəbinin fəaliyyəti müsbət qiymətləndirilməlidir. İngilis dilinin tədrisində təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi və s. prinsiplər üzrə dərslərin qurulmasında müasir interaktiv təlim metodlarından (İTM) geniş istifadə edilir.
Vaxtilə mərhum akademik M.Mehdizadə müasir dərs haqqında fıkrlərinin belə ifadə etmişdir: "Təlimin təşkilində yeni qeyri-ənənəvi interaktiv, inkişafetdirici, diskussiya, rollu oyunlar və s.müasir təlim metodları tətbiq olunan dərslər müasir dərslərdir və demək olar ki, bütünlükdə savad təlimi deyil, fərdin formalaşmasıdır. İnteraktiv təlim də şəxsiyyətin formalaşmasına xidmət edir və onun demokratik ruhda formalaşmasını təmin edir"[11].
“İnteraktiv” - “integer” sözündən olub “tam”, “bütöv” deməkdir. Yəni hər hansı bir fikrin digər fikirlərlə bağlı, ifadəli, uzlaşmış şəkildə qarşılıqlı öyrənilməsi nəzərdə tutulur. Bu metoddan istifadə edən xarici dil müəllimləri özləri hərtərəfli biliyə malik olmalı, eyni zamanda öz üzərlərində çox işləməli və işlərinə yaradıcı yanaşmalıdırlar. Bu metoddan istifadə etmək istəyən xarici dil müəllimləri iş zamanı sərbəst olaraq müəyyənləşdirməlidir ki, hansı dərsin tədrisində hansı təlim metoduna müraciət etsə yaxşı nəticəyə nail ola bilərlər. Bütün bu hallar interaktiv təlimdə öz əksini tapır. YUNESKO təşkilatı təhsilin keyfiyyətini belə istiqamətləndirir: XXI əsri “Təhsil əsri”, “’İntellekt əsri” elan etməli. Sözsüz ki, bu kimi işlər xarici dil müəllimlərini İTM-dan geniş şəkildə bəhrələnməyə məcbur edir[12].
Ali məktəbdə təhsil prakrikasında olduğum 20 saylı məktəb-liseydə də bu metodların zənginliyindən geniş şəkildə istifadə edərək şagirdlərdə aşağıdakı elmi və mədəni keyfiyyətləri təmin edilirdi:

  • Müstəqil düşünmək, sərbəst fikir söyləmək;
  • Özünü qiymətləndirmək;
  • Öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti;
  • Əməkdaşlıq etmək (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);
  • Başqalarını dinləmək, müxtəlif fikirlərə hörmət etmək və dözümlü olmaq;
  • Öz fikirlərini arqumentlərlə sübut və izah etmək;
  • Birgə həll yollarını müəyyən etmək və qərar çıxartmaq və s.

İTM-nın tətbiqi zamanı şagirdlərin psixi xüsusiyyətləri - duyğusu, qavrayışı, qabiliyyəti, meyl və maraqları inkişaf edir. Milli zəmində, vətənpərvərlik ruhunda tərbiyə imkanları genişlənir. İTM-ı üçün aşağıdakılar səciyyəvidir:

  • Şagirdin aktiv fəaliyyəti;
  • Müəllimin şagirdlə və şagidlərarası əməkdaşlığı;
  • Didaktik, rollu oyunlarda isifadə olunması;
  • İşgüzar fəaliyyətin təmin olunması üçün sosial bərabərliyin və psixoloji şəraitin yaradılması;
  • Müəllim bilik xəzinəsi rolunu yox, biliklərin axtarılması və cəlb edilməsi, tədqiqatın aparıcısı rolunu ifa etməlidir.

Məktəbdə İTM-dən istifadə edən xarici dil müəllimləri nəzəri materialların öyrənilməsində, şagirdlərdə fəal diqqətin tərbiyə edilməsində kollektiv-frontal, yeni materialın möhkəmləndirilməsində isə fərdi müstəqil iş formalarından geniş şəkildə istifadə edirlər.
Xarici dil müəllimləri unutmamalıdırlar ki, xarici dillərin öyrənilməsi zamanı yeni anlayışları daxil etmək, çalışmalar yerinə yetirmək, keçilmiş materialı möhkəmləndirmək, keçilənləri ümumiləşdirmək və s. işlərdən asılı olaraq, təkrarın növlərindən(ümumiləşdirici, tematik, illik və s.) vaxtlı-vaxtında istifadə etməklə şagirdlərdə xarici dilə marağı artırıb inkişaf etdirə bilərlər. Müasir dərs ənənələri dərsin rasional “toxumlarını” inkar etmir, amma dərsə nisbətən məzmun və formaca, metod və vasitələrlə daha çox zəngindir. Təşkili və keçirilməsi cəhətdən isə xeyli mürəkkəbdir. İTM dərsdə şagirdlərin, dərsəqədər hazırlıq prosesində isə müəllimin fəallığını tələb edir.
Təcrübə göstərir ki, uşağın, şagirdin şəxsiyyət olduğunu nəzərə almayan, onu qeyd-şərtsiz təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyekti kimi qəbul etməyən təhsil sistemi müasir, mütərəqqi hesab oluna bilməz. Şagirdlərə münasibətdə ayrıseçkilik aradan qaldırılmalı, onların baxışlarını,rəylərini sərbəst və azad ifadə etmək, məlumat almaq, ideyalar vermək, sağlamlığına, təhsilinə və s. üçün təhlükə törədə biləcək fəaliyyətdən, kobud rəftardan və s neqativ hallardan qorunmaq, hüquqların qorunmasına nail olmaq bütün müəllimlərin, təhsildə olanların əsas vəzifəsidir. Eyni zamanda unutmayaq ki, şagirdin özünəməxsus dünyası, dünyagörüşü, zəngin, emosional aləmi, həyata, təbiətə, insanlara baxışı, meylləri, qabiliyyətləri vardır. O da ətrafındakı böyüklər, ata-anası, müəllimi kimi bir şəxsiyyətdir və hamı tərəfindən şəxsiyyət kimi qəbul olunmalıdır. Bu gün qarşımızda duran ən çətin problemlərdən biridir[13].
Məktəbin təcrübəsi göstərir ki, dərs prosesində yeni demokratik düşüncə tərzi olan azadfıkirlilik və sərbəstlik vərdişlərinin formalaşdırılmasında bədii əsərlərdən keçiləndən sonra (tutaq ki, ədəbiyyat və xarici dil dərslərində) yazdırılan inşa yazıların tərbiyəvi təsir imkanlarını üzə çıxaran təhlil-tərkib işinin təşkili metodikası üzrə iş aparmaqdan asılı olan məsələlərin də çox böyük rolu var. Bu zaman dərsin xüsusiyyətindən və seçilən mövzunun uyğunluğundan bilavasitə asılı olaraq disput və müzakirə xarakterli gecələrin, ədəbi-bədii yazıların ilkin müsabiqəsinin təşkili daha səmərəli nəticələr verə bilər.
Məktəbdə dərslərin demokratiyanın ən mühüm elementi olan debat şəklində qurulması dərsin zənginliyini daha da artırır və şagirdlərdə demokratik ruhun formalaşmasından xəbər verir.
Debat, əsasən, 3 prinsip üzərində qurulub.
1.      Dünyagörüşünün artırılması - əsas hədəf tədrisdir, başqa sözlə, tədris daha böyük əhəmiyyət kəsb edir, nəinki qələbə. Ona görə də, əgər şagird debatda qələbə naminə çalışırsa, onda qarşısına düzgün məqsəd qoymayıb;
2.      Düzgünlük - debatın əsasıdır, çünki, biz həmişə həqiqəti bilmək istəyirik. Bu prinsipə riayət edilməsi dərs zamanı elmi müddəaların da dərindən mənimsənilməsinə səbəb olur. Belə ki, hər bir məlumatı dəqiq öyrənən şagird müəyyən bir fənnin, elmin öyrənilməsində də həqiqətə istinad etməyə çalışar;
3.      Hörmət - debat zamanı şagirdlərin şəxsiyyətinin toxunulmazlığını təmin edir. Əgər bir şagird digəri ilə razı deyilsə, buna görə onu alçaltmaq olmaz. Bu prinsip onlarda fikri dinləmək və hörmət hissini formalaşdırır.
Beləliklə, debatlar şagirdlərin təfəkkürünü, dünyagörüşünü, mübahisə mədəniyyətini, kollektivçiliyi, şagird-müəllim əməkdaşlığını, şagirdin təlim-tərbiyə prosesində tam və bərabərhüquqlu subyektə çevrilməsini təmin edən demokratik metodlardan biridir[14].



II FƏSİL
TƏLİM PROSESİNDƏ VƏ DƏRSDƏNKƏNAR MƏŞĞƏLƏLƏRDƏ TƏHSİLİN DEMOKRATİKLƏŞDİRİLMƏSİNİN REALLAŞDIRILMASI
2.1  İngilis dili dərslərində təhsilin demokratikləşdirilməsi
prinsipinin nəzərə
alınması və praktik əsasları.


       Ölkəmizin ümumtəhsil, peşə, orta ixtisas və ali məktəblərinin tədris planlarında ixtisas fənləri ilə yanaşı olaraq, xarici dillərin öyrənilməsinə də xüsusi yer verilir. Odur ki, xarici dillərin tədrisi prosesində əsasən 3-4 dilə üstünlük verilir.Məsələn, ingilis dili, fransız dili, alman dili, ispan dili və s. Universitetlərimizdə isə, bir sıra digər dillər üzrə də tədris aparılır, xüsusən Azərbaycan Dillər Universitetində, Bakı Dövlət Universitetində böyük dilçi kadrlar yetişdirilir. (italyan, ivrit, koreya və s.)
İstər orta, istərsə də ali məktəblərdə təhsilin demokratikləşdirilməsi prinsipinin nəzərə alınması milli təhsil siyasətinin prinsiplərinə riayət olunması, təhsilimizin humanist və demokratik əsaslarla qurulması baxımından çox önəm daşıyır. Hazırkı təhsil sisteminin milli ingilis dili dərsliklərində təhsilin demokratikləşdirilməsi prinsipi ilə uyğunlaşan mövzuların azlıq təşkil etməsi, eyni zamanda onlann əksər hallarda aktual mövzuları əhatə etməməsi müəllimlərin bu istiqamətdə işlərinə qismən təsir edir. Son illər, bu istiqamətdə müsbət işlər görülür ki, bu da kurikulum siniflərində özünü müsbət tərəfdən göstərir.
Məlumdur ki, dilöyrənmənin bütün mərhələlərində xarici dilin tədrisi prosesində dərslərdə kompleks tədris üsulundan (əlifba təlimi, fonetika, orfoepiya, transkripsiya, orfoqrafıya, leksika və yeri gəldikcə, qrammatika məsələlərinin şərh edilməsindən), başlıca olaraq, hazırlıq, leksik və nitq çalışmalarından, həmçinin əyani və texniki vasitələrdən istifadə edilməlidir. Bütün bu və digər məsələlərlə metodika məşğul olur və göstərir ki, hər bir fənnin öyrədilməsi müəyyən, çoxsahəli metodlara əsaslanır. İngilis dilinin də öyrədilmısində isə son 25 ildə tətbiq olunan problemli təlim, inkişafetdirici təlim, kollektiv təlim metodlarından başqa, müasir və əlverişli interaktiv təlim metodlarından istifadə edilməsi məqsədə uyğundur. Çünki, fəal (interaktiv) təlim metodları birbaşa şagirdin təfəkürünün inkişafına səbəb olur və onu demokratik ruhda təhsil almasını təmin edir. Bu məqsədlə, milli təhsil sistemimizdə tətbiq olunduğu kimi, beynəlxalq miqyasda istifadə olunan ən uyğun və produktiv təlim metodu kimi cütlərlə və qruplarla iş qurulur. Ona görə ki, bu iş forması şagirdlərin məşğələ prosesinə daha fəal cəlb olunmasına əsaslı zəmin yaradır.
Bu istiqamətdə qurulmuş ingilis dili dərsləri daha maraqlı və perspektivli olur. Aşağı Cülyan kənd tam orta məktəbin IXa sinfində müəllim Şərafət Bayramovun tərəfindən qurulmuş dərs bu baxımdan diqqətəlayiq və maraqlı keçmişdi.
İlk əvvəl, müəllim cütlərlə iş üsulunun ən sadə forması olan çalışmalar etdirməkdən başladı. Bu fəaliyyət növünü həyata keçirərkən şagirdlərə “bu tapşırığı parta yoldaşınla birlikdə fikirləşərək edin” əmrini verdi. Şagirdlər ən maraqsız çalışma üzərində birlikdi işləyəndə belə onlarda maraq, həvəs yaranır və bu onları çox asanlıqla ingiliscə danışmağa sövq edir. Dərs boyu böyük maraqla tapşırıq həll edildi. Müəllim nəticələri yığandan sonra qarışıq payladı və “səhvləri düzəldin” əmrini verdi, bu onlarda çoxsaylı müzakirələrə və fikir müxtəlifliyinə gətirib çıxartdı və marağı daha da artırdı. Müəllim şagirdlərin tam sərbəstliyini təmin etmişdi və onların azad fikir yürütmələri üçün əlində olan mümkün imkanlardan istifadə edirdi. Tapşırıqların  yoxlanılmasından sonra, dərsin mövzusunun ətrafında söhbətlər aparıldı. Özünün nəzarətçi rolunu oynadığı bu üsulda müəllim daha sonra aşağıdakı tipli məsələlərin həllində şagirdlərə yardımçı oldu:

  • Kiçik informasiyalı söhbətlərdə;
  • Müxtəlif rol oynamalarında;
  • Müxtəlif oyunların tətbiqində və s.
Dərsin ortalarında müəllim artıq ötən dərsdə keçilmiş və möhkəmləndirilmiş “İslam Mədəniyyəti” (Islamic Art) adlı mətninin soruşulmasına başladı, yenə şagirdlər aktiv və hazır idilər. Dərsin gedişində müəllim şagirdlərin aktiv iştirakını təmin etməklə yanaşı onlara geniş sərbəstlik,azad düşünmə şəraiti yaradırdı. Dərs danışan şarigdlər üçün müəllim aşağıdakı sualların ətrafında onların fikirlərini bilmək, diskussiya yaratmaq və onların bu istiqamətdə hansı dünyagörüşünə malik olmalarını üzə çıxartmaq niyyətində idi:

  1. Ümumiyyətlə, İslamda hansı mədəni dəyərlər üstünlük təşkil edir?
  2. İslam Mədəniyyətinin dünya mədəniyyətinə təsiri nə oldu?
  3. Quranda hansı dəyərlərə riayət olunması daha vacibdir?
  4. Azərbaycan məktəblərində dini təhsili vacib sayırsınız və o bizə nə verəcək?
  5. İslamda hamının bərabərliyi var idimi?
Bu və digər suallar ətrafında müəllimin apardığı söhbətlərin şagirdlərə müxtəlif təsiri özünü verilən cavablarda göstərirdi. Belə ki, onların cavabları yarı dəqiq, yarı fərziyyə olmasına baxmayaraq, bəzilərinin çıxışlarında həqiqət daha çox özünü göstərirdi. Məsələn,  5-ci suala cavablarda çox maraqlı məqamlar özünü qadınlara olan, heç də birmənalı olmayan münasibətlərin müxtəlifliyi ilə bağlı faktlarda tapdı. Şagirdlərin çoxu hələ də çadralı qadınların tam hüquqlarının olmamasından narazı olub qeyd edirdilər ki, onların şəxsiyyət vəsiqəsi ilə təmin olunmalarında hələ də problemlər mövcuddur.
3-cü və 4-cü suallar ətrafında gedən müzakirələrin yekun nəticəsinə əsaslanaraq qeyd etmək lazımdır ki, şagirdlərin çoxu aşağıdakı 3 əmələ riayət edilməsini daha vacib sayırdılar:

  1. Düzlük, doğruluq və sədaqət;
  2. Anaya və Vətənə məhəbbət;
  3. Qarşılıqlı hörmət.
4-cü suallara cavablar isə aşağıdakı fikirləri özündə cəmləşdirir:
Bəziləri hesab edirlər ki, dinin dövlətdən ayrı olmasını nəzərə alaraq onun məktəblərdə tədrisinə icazə vermək olmaz. Bu isə bəzi insanların,bu istiqamətdə təhsil almaq istəyən şagirdlərin dini təhsil hüququnu heçə endirir,qeyri-bərabər təhsilin yaranması üçün əsaslı zəmin yaradır. Digərləri isə,əksinə olaraq bunu tam mümkün sayaraq tətbiq olunmasının vacibliyini isbat etməyə çalışırdılar.
Yaranmış sağlam dərs şəraitindən məharətlə istifadə edərək sinfin əksər şagirdləri keçilmiş dərsdən nəsə yeni məlumat götürdüklərindən, dünyagörüşlərinin artmasından arxayınlaşmayaraq mövzudan kənara çıxıb müəllimə suallar vermələri onların sərbəstliklərini bir qədər də artırırdı. Onların arasında diqqətçəkən məqamlar aşağıdakılardan ibarətdir:
Dağlıq Qarabağ probleminin həlli istiqamətdə görülən işlər;
Öz gələcək həyatlarının necə və hansı istiqamətdə qurulması ətrafında olan məsələlər;
Azərbaycanın gələcək həyatının uğurları və neftimiz və s.

İlin müəllimi adını, Elektron Təhsil müsabiqəsini qazanmış bir müəllim kimi Şərafət müəllimin dərsi demokratik dəyərlər baxımında zəngin və faydalı keçmişdir.


2.2 Dərsdənkənar tədbirlərdə təhsilin demokratikləşdirilməsinin
nəzəri və praktik əsasları
Müasir təhsil sistemində, eyni zamanda dərsdənkənar təhsildə də təhsilin demokratikləşdirilməsi istiqamətində xeyli addımlar atılır və öyrənilmiş təcrübələr geniş tətbiq olunur. Məsələyə nəzər salmazdan əvvəl dərsdənkənar təhsilin araşdırılması məsələnin daha tez aydınlaşmasına kömək edər. Bu səbəbdən onun geniş şəkildə araşdırılmasını bir zərurət kimi qəbul etməli və çalışmalıyıq.
Bəzi mənbələrdə eyniləşdirmələlər edilmiş və sinifdə-xaric oxu, dərsdənkənar və s. işlədilmişdir. Həmin məfhumların oxşar və fərqli cəhətlərini nəzərə alaraq milli pedaqogika onlara belə bir tərif verir: “Keçirildiyi yerdən asılı olmayaraq dərsdən əvvəl və ya sonra məktəbin təşkil etdiyi bütün məqsədyönlü, planlı və mütəşəkkil tədbirlərə dərsdənkənar təlim-tərbiyə işi deyilir”. Eyni zamanda məktəbdənkənar təlim-tərbiyə müəssisəsinin təşkil etdiyi bütün tədbirlər məktəbdənkənar tərbiyə işidir[15].
Bütün bu proseslər özünü təhsil məsələlərində də göstərir, belə ki şagirdlərin könüllü müxtəlif fənn dərnəklərinə və s. qatılması bunun əsas təzahürüdür. Dərsdənkənar təhsil aşağıdakı prinsiplərə əsaslanır:

  • humanistləşdirmə;
  • ümumbəşəri və milli dəyərlərin vəhdəti;
  • demokratikləşmə;
  • müstəqillik və şəxsi fəallıq;
  • tərbiyə etmə və s[16].
Dərsdənkənar fəaliyyət müntəzəm məktəb kurrikulumu olmayan və şagirdlərin könüllü şəkildə qatıldığı fəaliyyətdir. Bu, ümumiyyətlə, şagirdlərin ehtiyac və maraqlarına əsaslanaraq xüsusi maraq qruplarının, idman komandalarının və sinif işlərini özündə cəmləşdirən qurumların formalaşmasını tələb edir. Bütün fəaliyyətlər onların iştiral və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur. Bütün məktəb qayda və qanunları dərsdənkənar təhsil dövründə də qüvvədə olur[17].
Göründüyü kimi dərsdənkənar təhsilin əsas prinsiplərindən biri də onun demokratikləşdirilməsidir. Milli təhsil sisteminin ayrılmaz hissəsi kimi o şagirdlərin dərsdənkənar fəaliyyətinin düzgün istiqamətdə qurulmasını təmin edən amillərdən biridir. Onun planlı, məqsədyönlü və mütəşəkkil qurulması isə onun keyfiyyət göstəricisinin inamlı dərəcədə artmasına xidmət edir.






NƏTİCƏ


Beləliklə, tədqiqat işinin mövzusu xarici dil dərslərində təhsilin demokratikləşrilməsidir və bu Azərbaycan Respublikasının Təhsil sahəsində başlıca dövlət prinsiplərindən biri kimi çıxış edir. Təhsilin demokratikləşdirilməsinin prinsipləri isə aşağıdakı istiqamətlərdə reallaşdırılır:

  • Dövlət təlim-tərbiyə müəsisələrində şagird və ya tələbə özünüidarələri yaradılır;
  • Onlar özlərinə aid olan məsələləri müzakirə edirlər;
  • Təlim-tərbiyə müəssisələrində təhsil işlərinin idarə olunmasında ictimai qurumlar iştirak edir;
  • Rayon, şəhər və respublika miqyasında təhsil orqanları yanında təhsillə əlaqəsi olan tərəflərin nümayəndələri müvafiq qurumların tərkibinə daxil edilir və s.

Onun başlıca prinsiplərinə isə aşağıdakıları aid etmək olar:

  • Bərabərlik prinsipi (bərabər hüquqların qəbul olunması, şəxsi ləyaqət və hörmət);
  • İştirak prinsipi (fıkirlərini ifadə etmək, seçim, təhsildə fəal və məsuliyyətli iştirak azadlığı)

Bütün bu və digər prinsiplər təhsilin demokratikləşdirilməsinə istiqamətləndirildiyi halda, təhsilin keyfiyyəti artır və dünya standatlarına çatır. Bütünlükdə, bu Azərbaycan təhsil sisteminin daha da inkişaf etməsinə səbəb olacaq.










[1] Azərbaycan  Müəllimi  Jurnalı-2003, N3, üz qabığı
[2] B.Əhmədov,A.Rzayev-Pedaqogikadan Müzahirə Konspektləri,Maarif-1983,səh.87
[3] B.Əhmədov,A.Rzayev-Pedaqogikadan Müzahirə Konspektləri,Maarif-1983,səh.94
[4] N.Kazımov.Məktəb Pedaqogikası-2005,səh. 101-104
[5]IFES-USAID, Şagird Fəaliyyətinin Komitələri (təlim modulları toplusu), səh.3
[6] www.see-educoop.net/education_in/ pdf/democrati-yug-enl-t02.pdf

[7] Ə.Həşimov,F.Sadıqov,Xalq Pedaqogikası-1993,səh.272-273
[8] Fərahim Sadıqov, Pedoqoji Düşüncələr-1999, səh. 10-11

[11] Azərbaycan Məktəbi Jurnalı-2003,N4,səh.50
[12] Poliqlot qəzeti-2006,N-07-08,səh.9

[13] Azərbaycan Məktəbi Jurnalı-2002,N3,səh.50-57
[14] Azərbaycan Məktəbi Jurnalı-2002,N2,səh.52
[15] N.Kazımov.Məktəb Pedaqogikası-2005,səh.446
[17] http://www.sbo.poquoson.k12.va.us/conductcode/extracurricular.html

No comments:

Post a Comment